Rəsmi Protokol

Rəsmi protokol

    Rəsmi protokol normaları beynəlxalq nəzakətlik prinsiplərinə əsaslanır. Diplomatik protokol və etiket normalarının əsasını «hər diplomatın arxasında onun təmsil etdiyi dövlət durur» prinsipi  təşkil edir. Bütün dövlətlər suverendir və beynəlxalq ünsiyyət  praktikasında bərabər hüquq və imtiyazlardan istifadə edirlər. Protokol eyni zamanda siyasi kateqoriya, yəni  diplomatiyanın siyasi aləti olaraq, bu və ya digər ölkə ilə münasibətləri əks etdirir və tamamilə xarici siyasi məqsəd və məsələlərə tabedir.

    Diplomatların vizitləri şərti olaraq protokol və işgüzar növlərə bölünür. Yeni gələn diplomat protokol vizit edir və bu zaman iş məsələləri müzakirə edilmir. O, 15-20 dəqiqə davam edir və gediş təşəbbüsü diplomatdadır. İşgüzar vizit həm diplomatın, həm qəbul edən ölkənin nümayəndəsinin təşəbbüsü ilə baş verə və müddətinə görə müxtəlif ola bilərlər.Diplomatın hər viziti siyasi əhəmiyyət kəsb edir və hər nümayəndə təsbit edilmiş qaydada öz dövlətini vizit və onun nəticələri barədə məlumatlandırır.

     Etiketin ehkamlarına müvafiq olaraq təqdimatın aşağıdakı qaydaları mövcuddur: yaşca kiçiklər daha yaşlılara birinci təqdim olunurlar; ictimai mövqeyinə görə daha aşağı pillədə olan daha yuxarıda olanlara təqdim edilirlər; kişi qadına birinci təqdim edilir; bir nəfər qrupa (hətta bu qrup iki  nəfərdən olsa belə) birinci təqdim edilir; qadın özü özünü  təqdim etmir. Düzdür, etiketin müasir qaydaları qadınların müstəqil sürətdə təqdimatını (xüsusən işgüzar və rəsmi görüşlərdə) məqbul hesab edir.

     Rəsmi qəbullarda bütün rəsmi vəzifəli şəxslərə müvafiq diqqət göstərilməlidir. Bəzi rəsmi nümayəndələrə aid olmayan adlı-sanlı adamlara xüsusi diqqət (kilsə, din nümayəndələri), yaxud ənənəvi ehtiram (əsilzadələrə) nümayiş etdirmək lazımdır. İştirak edənlərin hər birinə onun adını, yaxud titulunu qeyd edərək müraciət edirlər.