Restoran Etiketinin qızıl qaydaları

 

 Restoran Etiketinin qızıl qaydaları

      Özünüzü  masa arxasında aparma  mədəniyyəti etiketin mühüm tərkib hissəsidir. Mövzu ilə əlaqədar olaraq sizə bir neçə "qızıl qayda" nümunə gətirə bilərik: qonşuna fikir ver, onun kimi hərəkət et, onda, çox güman ki, səhv etməzsən. Bəzən elə olur ki, kimsə namünasib hərəkəti ilə qanqaralığı yaradır: çay (qəhvə) içərkən ağzını yandırır, fincanı aşırır, çayı masa qonşusunun üstünə dağıdır, bıçaq və çəngəli qaydasız götürür, kəsilməli olmayan ərzağı doğramağa çalışır.

 

Bir neçə məsləhət. Masa arxasında elə oturmaq lazımdır ki, həm yemək, həm də ünsiyyət üçün rahat olsun. Bunun üçün nə çox aralı, nə də yaxın əyləşmək lazımdır. Dəsmalı dizin üstünə qoymaq, yeməkdən sonra isə dəsmalı bükmədən və düzəltmədən boşqabın sol tərəfinə qoymaq məsləhət görülür. Əgər otaq isti olarsa bu dəsmalla üzü silmək qəbahət sayılmır.

Səhər, nahar və şam yeməyi vaxtı menyüdə göstərilmiş  xörəklərin sayına uyğun olaraq boşqabın sağ tərəfinə bıçaqlar, sol tərəfinə isə çəngəllər qoyulur. İlk olaraq sağ və soldakı kənar çəngəl və bıçaqlardan istifadə olunur. Balıq xörəyi üçün xüsusi bıçaq nəzərdə tutulur. Əlavə yeməyə ehtiyac olmadığını bildirmək üçün bıçaq və çəngəl boşqabın sağ tərəfinə qoyulur.

İlk əvvəl isti yemək verilərkən xüsusi ehtiyatlılıq göstərmək lazımdır. Tələsmədən xörəyin soyumasını gözləyin, yaxud qaşığa xörəyi az götürün. Yemək bəzən tək, bəzən cüt qulplu qablarda verilir. Tək qulplu qabdakı yeməyi çay kimi içmək, cüt qulplu qabdakı yeməyi isə qaşıqla yemək məqsədəuyğundur. Çörəyi əllə götürüb kiçik hissələrlə qoparmaq məsləhət görülür.

İkinci - ət xörəyindən lazımı miqdarda kiçik hissəciklər kəsilir. Bəzən balıq və ət xörəklərindən sonra müxtəlif növ pendirlər paylanır. Əgər kimsə bir yox, iki növdən dadmaq istəsə qəbahət hesab olunmur. Yeməkpaylayan qonaqlar üçün vazada meyvə paylayarkən, sizə yaxın tərəfdən götürmək məsləhətdir. Qəbullar, iştirakçıların zövqünə uyğun olaraq, qəhvə yaxud çay dəsgahı ilə yekunlaşır. Mərasimdə mürəbbə, qənd və limon mütləq ayrılıqda paylanılır.

Bütün mərasim boyu yanınızdakı xanıma qarşı diqqətli olmaq sizin borcunuzdur. Masa arxasında söhbət adətən iştirakçıların hamısı üçün maraqlı ola biləcək - kino, teatr, kitablar, vernisaj, xarici artistlərin qastrolları və sair kimi mövzular əsasında qurulur.